Bəhruz Niftəliyev - ANA VƏ OĞLU
Ağrı kimi dolaşan,
Yollar keçən, dağ aşan,
Qaya olub daşlaşan,
Yaramsan mənim.
Nə sarğısı, əlacı,
Şeytana mı əl açım?
Qanımdakı ən acı
Qaramsan mənim.
Yovuşmadı taleyim,
Qovuşmadıq, nə deyim?
Yarımadı ürəyim,
Yarımadım, neyləyim?
Saçlarımda ağ izlər,
Dağ üstünə dağ üzlər,
Anam dərdin əzizlər,
«Balamsan mənim».
«Qəm eyləmə, ay oğul,
Dən eyləmə saçına,
Nə körpəsən, nə körpü,
Qalamsan mənim!»
«Gəl söykənim sənə mən,
Ağrı mənim, sənə nə?
Dərd yükünü sinəmdə
Qala sən mənim!»
Ruhuma ağı söylə,
Bağrımın bağı, söylə,
Yaramı şirin sözlə
Saransan mənim!
Yenə o çağa gedim,
Həmin uşağa deyim,
Bəlkə ucala səsim:
«Tanrımsan mənim?»
03.11.26