Adil Şirin - AYRILIQ

Ədəbiyyat 13:20 / 04.07.2026 Baxış sayı: 614

 

Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış,

Ayrılıq küləyidi bu əsən külək.

Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi

Sənin pəncərəndə açan ağ çiçək.

Ayrılıq göyləridi bu şəhərin göyləri,

Ayrılıq mələyidi, ayrılıq mələyidi-

Bu göylərin mələkləri.

 

Ayrılıq lələyidi, ayrılıq lələyidi

Bəyaz durna lələkləri...

Udduğumuz hava da ayrılıq havasıdı,

Ulduzlar ayrılıq ulduzlarıdı.

 

Baharlar ayrılıq baharlarıdı,

Payızlar ayrılıq payızlarıdı...

Ayrılıq yağışları yağır, yağır hələ də,

Ayrılıq durnaları uçur, hələ də uçur.

Fəsillər ayrılıq fəsilləridi,

Hələ də pəncərəndə ayrılıq çiçək açır..