" Babam sənin pulunu qaytarmadı,rayona getdi"-  Fərhad   Tapdıqoğlu

YAZARLAR 09:53 / 04.07.2026 Baxış sayı: 609

Balacalar güldürür

Rayonların birində iaşə sistemində işləyən Ələkbər baba hər dəfə evə gələndə nəvələrindən ən böyüyü 8 yaşlı Yunisə müəyyən qədər pul verirdi.

Artıq nəvənin xeyli pulu vardı.

Günlərin birində Ələkbər babaya bir az pul lazım olur.O ,Yunisə deyir:

--Yunis ,səndə olan pulları mənə borc ver,lazımdır .Sabah qaytaracam.

Yunis yığdığı pulları babasına verir və deyir:

--Baba ,sabah qaytar haa...

Ertəsi gün səhər- səhər Yunisin ağlamaq səsi eşidilir.

Ələkbər baba elə bilir ki,anası onu tənbeh edib.

Dinmir.

Ağlamaq səsi getdikcə artır.Yunis ağlaya-ağlaya anasına deyir:

-- Babam məni aldatdı,pulumu alıb qaytarmadı,rayona işə getdi.

Yunisin anası:

--Ay Yunis ,baban yatır ee,evdədir.Sən yuxu görmüsən?- onu sakitləşdirir.

Ələkbər baba da yerindən qalxıb onlara yaxınlaşır:

--Babanın balası ,mən burdayam ee,getməmişəm- Yunisi qucaqlayır.

Bu zaman Yunislə bir yataqda yatan 5 yaşlı Kənan mələfəni başına çəkib ,pıqqıldayır.

Məsələ aydın olur.

Sən demə Kənan qardaşına deyib ki,"babam sənin pulunu qaytarmadı,rayona getdi".

Yunis :

--Məni niyə aldatmısan ? - deyib ,Kənanı vurmaq istəyir.

Ələkbər baba gülə-gülə nəvələrini aralayır...

...Qardaşlar bir neçə dəqiqədən sonra babaları ilə şirin- şirin səhər yeməyi yeyirdilər.

Yunis babasının getmədiyinə çox sevinir,hərdən qardaşını tərs nəzərlə süzürdü.