Ayaz Arabaçı ÇƏKİR

Ədəbiyyat 09:24 / 04.11.2026 Baxış sayı: 716

Balaca bir yaramın qapanıb sağalması,

Olur ki, ayla sürür, olur ki, illə çəkir..

Hələ ən kiçiyini deyirəm mən,indi gör,

Bir ömrün sonunacan adam nə çillə çəkir..

 

Həyatnan ki, balaca "pişim-pişim" başlayır,

Azca keyfim açılır, azca işim başlayır,

Elə ki, pillə-pillə yüksəlişim başlayır,

Ayağımdan geriyə hərə bir pillə, çəkir..

 

Münsiflər ta qədimdən bizdə ancaq "kor" olub,

Özünü yandırırsan, özün boyda qor olub..

Fiziki qanunların hamsı gorbagor olub,

Mənim çəkdiklərimi çoxları fillə çəkir..

 

Kim doğdu, kim törətdi, kim,bu əqli çaşları,

Qanımızla məst olan salyanqoz əyyaşları,

Haqdan başqa heç nəyə əyilməyən başları,

Cəllad baltanın altda, gör neçə dillə çəkir..

 

Sənin əzablarının neçəsiyəm,İlahi,

Çoxmu bu qıl körpüdən keçəsiyəm İlahi,

Mən kimin günahının keçisiyəm İlahi,

Gələn bir şillə çəkir, gedən bir şillə çəkir.