Kəmaləddin Qədim - DEYİRSƏN YUXUDA GÖRMÜSƏN MƏNİ...

Ədəbiyyat 08:51 / 04.11.2026 Baxış sayı: 733

 

Çox uzaq bilirdin, uzaq, sən məni,

Qoymazdın bu boyda yaxına, qurban.

Deyirsən yuxuda görmüsən məni,

Nətəhər görmüsən, yuxuna qurban?

 

Durdummu üstündə, yoxsa, düzün de

Pozdummu sözümü, əhdimi söylə?

İlişib qaldımı gözüm üzündə,

Əllərim əlinə dəydimi söylə?

 

Bu da bir qismətdi, barış, nə olur,

Qorxma, birgünlükdü, pozulur, qorxma.

Nətəhər görmüsən, danış, nə olur,

Yuxular tərsinə yozulur, qorxma.

 

Neyləyim, mən bir az tez doğulmuşam,

Sənsə bu dünyaya gec gəlmisən, gec.

Axşamlar içində barı bu axşam

Qumral saçlarını oxşadımmı heç?..

 

Görən fərq etdimi olub-keçəni,

Pörtüb, qızardımı yanaqlarımız?

Görən yarıldımı bağrı gecənin,

Dinib, danışdıqca dodaqlarımız?..

 

Gördümü görəsən necə dolmuşam,

Gördümü mən adlı tayın buludlar?

Qaranlıq otaqda əridimi şam,

Örtdümü üzünü ayın buludlar?

 

...Oyağam bu gecə yuxunla, oyaq,

Bu da bir yuxudu dalmışam bəlkə...

Oyan qucağına yaxşı-yaxşı bax,

Ölüb qucağında qalmışam bəlkə?..