Əliağa VAHİD - Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,

Ədəbiyyat 12:06 / 04.11.2026 Baxış sayı: 634

Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,
Leyliylə nə karın var, qoysun səni avarə”?

Eşq aləmi üşşaqə bir vadiyi-möhnətdir,
Fərhadı salıb dağə, Mənsuri çəkib darə.

Payani-qəmi-eşqi təfsirə nə hacət var,
Gör bir necə pərvanə şövq ilə yanır narə?

Dünya o qədər Leyli, Məcnun yetiribdir ki,
Saysan nə qədər göydə var sabiti-səyyarə.

Hər lalərüx eşqində öz bağrını qan etmə,
Hər dərdi çəkər bülbül, gül qismət olar xarə.

Bimehr gözəllərdən aləmdə vəfa umma,
Meylin salacaq bunlar axır yenə əğyarə.

Vahid! Biz ölüb getdik mehr ilə, məhəbbətlə,
Dünya dönəcək bir gün bir səhneyi-gülzarə.