Coşqun Xəliloğlu -SANATORİYA XATİRƏLƏRİ
(DODAQQAÇDI)
Əlifgilin idarələri başqa müəssisələrdən fərqlənirdi. Burada çalışanlardan yaxşı işləmələri tələb edildiyi kimi, onlara istirahət üçün də şərait yaradılmışdı. Hər il işçilərə istirahət evlərində, kurortlarında, sanatoriyalarda dincəlmək üçün göndərişlər verilirdi. Nədənsə Əlif məzuniyyət müddətində başqa yerə getməz, günlərini həyətlərindəki kiçik bağçadakı ağaclara qulluq etməklə və bazardakı çayxanada oturub “mırt” vurmaqla, domino oynamaqla keçirərdi. İnsafən, Əlif pis işçi deyildi, özü də aparıcı şöbələrdən birinin rəisi idi.
Bir gün həmkarlar komitəsinin sədri Böyükağa Əlifi yanına çağırıb dedi:
– Rəisimiz –Nahid müəllim sənin yaxşı işçi olduğunu nəzərə alıb sanatoriyaya pulsuz putyovka ilə mükafatlandırıb. Hazırlaş, bir həftədən sonra gedirsən sanatoriyaya, bu da putyovka.
Əlif əvvəl istədi etiraz etsin, sonra düşündü ki, “Yetimə qoğal haramdı?, imkan var,” gedəcəyəm.
...Əlif sanatoriyadan qayıdanda olduqca şən və gümrah görünürdü.Yaxşı dincəlmişdi. Sanatoriyada xəyalına gətirmədiyi, indiyə qədər görmədiyi istirahəti eləmişdi. Əvvəllər nisbətən qaraqabaq olsa da indi danışana macal vermirdi. Nahar fasiləsində də, avtobusda da, şöbədə də yeri gəldi- gəlmədi istirahət evindən, orada gördüklərindən danışırdı. Hətta deyilənə görə qonşularla söhbət edəndə də sanatoriyada istirahət edərkən başına gələnlərdən elə maraqlı, qəribə əhvalatlar danışırdı ki, dinləyənlər ona həsəd aparırdılar.
Bir dəfə Əlif yenə də sanatoriya xatirələrindən danşırdı. Onun söhbətlərini dinləməkdən bezənlər məcburən özlərini elə göstərirdilər ki guya Əlifi dinləyirlər.
Sözü üzə deməyi xoşlayan rəis müavini Xanəli müəllim nəhayət dözə bilmədi:
–Əlif, sanatoriyada neçə gün qaldın? –soruşdu.
–İyirmi dörd gün, –Əlif cavab verdi.
–Sanatoriyadan gəldiyin vaxtdan nə qədər keçir?
–Bir il üç ay.
–Allah sənə kömək olsun. Ömründə bir dəfə sanatoriyada olmusan.Necə olur ki, iyirmi dörd gündə gördüklərini bir il üç ay danışırsan, qurtarmır ki qurtarmır.
Əlif qızarsa da cavab vermədi. Amma onun sanatoriya xatirələrini bir daha heç kim eşitmədi.
2002-ci il