Kəmaləddin  Qədim -  SƏN GÖZƏL AĞLARSAN MƏNİ...

Ədəbiyyat 12:25 / 03.09.2026 Baxış sayı: 577

 

Dönərsənmi görən desəm,

dön, gözəl, ağlarsan məni.

Sənsən elə sonumda, sən-

son gözəl, ağlarsan məni...

Anlayansan bir baxışdan,

Kimdi içdən, kimdi dışdan...

Gəl, canımdan çıxmamışdan

can, gözəl, ağlarsan məni...

Nə fərqi var yar yasında

bardaş qurdun harasında...

Ağlayanlar arasında

ən gözəl ağlarsan məni...

Ya son, əzəl...öldürən sən,

Sənsən, gözəl, öldürən-sən.

Sən ən gözəl öldürənsən,

sən gözəl ağlarsan məni...