ÖMÜR TƏQVİMİ - Sevil Azadqızı
Vərəqləndikcə təqvim, ömürdən gün əskilər,
Solan yarpaqlar kimi ümidlər də tökülər.
Yenə soyuq divarlar, yenə dumanlı səhər,
Çəkdiyim bu ağrılar sən demə bir nağılmış...
İnsan ən çox sevdiyi xatirədən qocalmış...
İndi sükut danışır, mən susuram birtəhər,
Gözümdən gilə-gilə süzülür köhnə qəhər.
Zaman hər dərdi silir, unudulur hər kədər,
Təkcə ürək yorulmuş, ruh yerindən qopmuşdur...
Demə, insan ən çox doğmasından qaçmışdır...
Bağlandı bu dəftər də, bitdi ömrün payızı,
Hərə bir cür yaşadı bəxtə düşən yazını.
Söndürüb gedişinlə qəlbimin ulduzunu,
Anladım ki, gecikən təsəllilər hədərmiş...
Sən demə, bu sevgi də xatirələr qədərmiş...
