Xatirə Rəhimbəyli - Hicran mənim çox qanımı içibdi

Ədəbiyyat 10:45 / 03.09.2026 Baxış sayı: 553

Hicran mənim çox qanımı içibdi,

ürəyimdə dərin yara açıbdı.

Ta sevgidən məhəbbətdən keçibdi –

adın kimi bir şeytan var içimdə!

Bu hiss çılğın bir körpədi, mən dayə.

Ta dözmürəm bu zülmə bu cəfaya.

Sədaqətə, etibara, vəfaya

dəli kimi bir üsyan var içimdə!

Yar dediyim etmədisə inayət,

nəyə lazim bu dözüm bu dəyanət?!

Oyan daha!

Xəyanət! Ah, xəyanət!

Qırılmışam, qana qan var içimdə!

Aldadıldım, tükənmişəm!

Yox sözüm!

Ürəyimdə ziyan oldu çox sözüm!

Kəndir əlim, zəhər dilim, ox sözüm!

Bir cəhənnəm!

Bir zindan var içimdə!

Bu yarğandan o yarğana "Dön!" deyir.

Cəhənnəmin atəşinə "Sön!" deyir.

Ölür, itir, qalxir,

yenə "Sən!" deyir –

Xatirə tək bir nadan var içimdə!