Zəlimxan Yaqub- “Dünya”

Ədəbiyyat 12:35 / 03.09.2026 Baxış sayı: 583

 

Vaxtında uzadıb kömək əlini,

Vermədin mənimlə əl-ələ, dünya!

Nəyimə gərəkdi vaxtı keçəndə,

Göydən qızıl yağdır, ləl ələ, dünya!

 

Acı yel üstümdən əsdikcə əsdi,

Yağan qar yolumu bağladı, kəsdi.

Gəl məni bu qədər yandırma, bəsdi,

Mən ki nə Kərəməm, nə Lələ, dünya!

 

Yolsuz yoxuşlarda yordum dizləri,

Ahımla qurutdum göy dənizləri.

Qaldı kürəyimdə kəndir izləri,

Dərdi dərd üstündən şələlə, dünya!

 

Aşılmaz dağları mən necə aşım,

Zəlimxan, fikirdən çatılıb qaşım.

O sənin daşındı, bu mənim başım,

Nə qədər istəsən, gəl ələ, dünya!